Şriftin ölçüsü :

Saytın rəngi :

İşğal olunmuş və cəbhəyanı rayonların gənclərinin forumu keçirilib

12 sentyabr 2017 | 11:00

Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər əliyev Mərkəzində işğal olunmuş və cəbhəyanı rayonların gənclərinin “Vətəni müdafiəyə daim hazırıq” mövzusunda forumu işə başlayıb.
Forum Dövlət Təhlükəsizliyi Xidməti, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.
Forumda adıçəkilən qurumların, eləcə də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun nümayəndələri, Milli Məclisin deputatları, respublikanın qeyri–hökumət gənclər təşkilatları, Azərbaycanın işğal olunmuş Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xocalı, Xocavənd, Cəbrayıl, Füzuli və cəbhəyanı Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Göygöl, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gədəbəy şəhər və rayonlarının fəal gəncləri iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti olan Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, respublikanın sosial-iqtisadi inkişafı, həmçinin hərbi qüdrətinin yüksəldilməsi və işğal olunmuş torpaqlarımızın azad olunması sahəsində həyata keçirilən uğurlu siyasət, bunun nəticəsində əldə edilmiş nailiyyətlərin qorunması üçün hər bir azərbaycansevərin üzərinə düşən vəzifələr və vətəndaşlıq borcu ilə bağlı çıxışlar dinlənilir.
Çıxışlarda bildirilib ki, bu cür tədbirlər Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin vətənpərvər, dövlətçilik, xalqımızın maraqlarının etibarlı gələcəyinin təminatçısı kimi yetişməsi, tərbiyə olunması, intellektual potensialının yüksəldilməsi işinə göstərilən diqqət və qayğısının əyani nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə gənclər və idman sahəsində həyata keçirilən tədbirlər, gənclərin bu işlərdə geniş şəkildə və coşqu ilə təmsil olunmalarına şərait yaradılması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və təqdir olunur.
Diqqətə çatdırılıb ki, Azərbaycanın əzəli və ayrılmaz torpağı olan Qarabağda, Ağdamda gənclərin forumunun keçirilməsi dövlət başçımızın yürütdüyü uğurlu gənclər siyasətinin daha bir bariz göstəricisidir.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra forum iştirakçıları nahar fasiləsinə çıxıblar. Nahardan sonra tədbir respublika incəsət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.

Keçidlər