Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ağdamda vətəndaşları qəbul edib

29 mart 2017 | 11:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ağdamda növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, daşınmaz əmlakın kadastrı sahəsinə aid olub. Qeydiyyatla bağlı müraciətlər fərdi həyət evi, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınmasını əhatə edib. Müraciətlərdə səsləndirilən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən komitənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Qəbulda hərraclarda iştirak, özəlləşdirməyə çıxarılmış dövlət əmlakının, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər də səsləndirilib. Komitə sədri bildirib ki, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hər həftə açıq hərraclar keçirilir. Belə hərraclarda iştirak prosedurları tamamilə sadə və rahatdır, istənilən vətəndaş iştirak edərək, əmlak sahibi ola bilir.

Keçidlər