Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam: düşmənin cəbhədə təxribatlarına baxmayaraq tikinti-quruculuq işləri davam etdirilir

16 fevral 2017 | 11:00

2016-cı ildə erməni silahlılarının cəbhədə törətdikləri təxribatlara, yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına baxmayaraq, Ağdam rayonunun sosial-iqtisadi inkişafı davam edib, geniş tikinti, abadlıq-quruculuq işləri aparılıb.
Bu barədə Ağdam rayon Quzanlı qəsəbəsində 2016-cı ilin yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun hesabat məruzəsində bildirilib ki, dövlətimizin başçısı may ayının 1-də cəbhə bölgəsinə səfər edib, düşmənin atəşi nəticəsində yanan evə baxış keçirib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Səfərdən sonra isə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalanıb. Tamamilə dağılmış 8 ev Sərəncama əsasən yenidən tikilib, 15 ev bərpa edilib, 27 ev əsaslı, 400-dən çox ev cari təmir olunub.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı dekabr ayının 3-də rayona növbəti səfəri zamanı Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin açılışında və Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak edib, ötən ilin aprelində düşmənin atəşi nəticəsində Ağdamda ziyan dəymiş evlərin tikintisi və bərpası işləri ilə tanış olub.
Məlumat verilib ki, 2016-cı ildə rayon Kənd Təsərrüfatı İdarəsinin binası istifadəyə verilib, ağsaqqallar evində, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının, rayon icra hakimiyyətinin binalarında və mərkəzi meydanda yenidənqurma işləri aparılıb. Hazırda Muğam Mərkəzinin, 360 şagird yerlik məktəbin tikintisi, Mahrızlı kənd tam orta məktəbinin, Səfərli və İmamqulubəyli kənd uşaq bağçalarının əsaslı təmiri işləri davam etdirilir.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə verdiyi tapşırıqların icrası istiqamətində rayonda bir sıra tədbirlər görülüb. Cari ildə 2450 kiloqram barama, 833,4 ton pambıq, 57 min 569 ton taxıl, 49 min 806 ton tərəvəz, 7607 ton kartof, 992 ton meyvə, 7948 ton şəkər çuğunduru istehsal edilib.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həlli yollarından və qarşıda duran vəzifələrdən danışılıb.
Bildirilib ki, 2017-ci ildə 3 min hektarda pambıq əkilməsi, barama istehsalının artırılması, Muğam Mərkəzinin, xalçaçılıq müəssisəsinin, 360 şagird yerlik tam orta məktəbin tikintisinin, Mahrızlı kənd tam orta məktəbinin, Səfərli, İmamqulubəyli kənd uşaq bağçalarının əsaslı təmirinin başa çatdırılması, Heydər Əliyev adına parkın yenidən qurulması, dövlətimizin başçısının Sərəncamı ilə 20 məcburi köçkün ailəsi üçün evlərin tikilməsi və 30 ədəd subartezian quyusunun qazılması qarşıda duran əsas vəzifələrdir.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov və Elman Məmmədov yığıncaqda çıxış ediblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva Müraciət qəbul edilib.

Keçidlər