Prezident İlham Əliyev Ağdamda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
Xalqımızın tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa olunan Heydər Əliyev Mərkəzi də bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Bu, ilk növbədə, Ağdam sakinlərinin dahi rəhbərin xatirəsinə dərin ehtiramının əlamətidir.
Yeni Mərkəzin yaradılması həm də ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi və dövlətçilik irsinin təbliğində mühüm rol oynayır. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin məqsədyönlü siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, ağır böhran keçirən ölkə iqtisadiyyatının inkişaf yoluna çıxarılması və ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolar və sənədlər nümayiş olunur. Bu cür mərkəzlər Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən inkişaf strategiyasının mahiyyətinin öyrənilməsinə real zəmin yaradır.
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısına və xanımına məlumat verildi ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Ümummilli Liderin uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet dövrünə və müstəqillik illərinə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda ümummilli lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu illərdə bölgələrimizə, o cümlədən Ağdama səfərləri bunun bariz nümunəsidir.
Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşlərinin əks olunduğu fotolar da maraq doğurur. Rəqs zalının, kompüter otağının, xalçaçılıq dərnəyinin, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 130 yerlik iclas zalı da var. Bundan əlavə, mərkəzdə 3D kino zalı, 20 nəfərlik konfrans zalı, rəsm otağı, kompüterlərlə və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.
Mərkəzdə şanlı ordumuzun aprel döyüşləri zamanı qəhrəmanlığını əks etdirən fotoguşə də yaradılıb. Fotoşəkillərdə Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatları zamanı göstərdiyi şücaət və mərdlik əks olunub.
Son vaxtlar Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Ağdamdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikah bağlayan gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi də həyata keçiriləcək.
Sonda xatirə şəkli çəkdirildi.