Ağdam Beynəlxalq Müəllimlər Günü təntənə ilə qeyd olunub
Ağdam rayon İcra Hakimiyyətində keçirilən mərasimdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanova bildirib ki, Azərbaycanda gedən inkişaf prosesləri təhsil sistemində də nəzərəçarpan dəyişiklik və ürəkaçan mənzərə yaradıb. Respublikada uğurla həyata keçirilən təhsil islahatı pedaqoji kollektivlər qarşısında mühüm vəzifələr qoyub. rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlər bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak edirlər.
Qeyd olunub ki, rayon üzrə 131 təhsil ocağı fəaliyyət göstərir. Bu məktəblərdə 19 min 820 şagird təhsil alır, şagirdlərin təlim-tərbiyəsi ilə 3994 müəllim məşğul olur.
Diqqətə çatdırılıb ki, bu il ümumtəhsil məktəblərini bitirən 1325 şagirddən 451 nəfəri respublikanın müxtəlif təhsil müəssisələrinə qəbul olunub.
Daha sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.
Təhsilin inkişafı və onun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan natiq Ağdam rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söhbət açan Raqub Məmmədov son illərdə rayonda bir neçə məktəbin əsaslı təmir olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədrisdə fərqlənən bir neçə qabaqcıl müəllimə fəxri fərman və qiymətli hədiyyələr verilib.