Ağdam rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmışdır
Ağdam rayonunun 12 yaşayış məntəqəsinə - Baharlı, Ballar, Kiçikli, Böyükbəyli, Səfərli, Paşalar, Usuflu, Orta Qışlaq, Alıbəyli kəndlərinə, Xaçınçay, Alıbəyli-1,2 qəsəbələrinə təbii qaz verilmiş, bununla da rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmışdır. AzərTAc xəbər verir ki, bu münasibətlə ARDNŞ-in “Azəriqaz” İB-in və rayon rəhbərliyinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, sakinlərin iştirakı ilə mərasim keçirilmişdir.
“Azəriqaz” İB-in baş direktoru Əkbər Hacıyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov sakinləri qaz çəkilişi münasibəti ilə təbrik etmiş, ölkədə gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən sosial layihələrdən, əhalinin mavi yanacaqla təmin olunması istiqamətində görülən işlərdən danışmışlar.
Bildirilmişdir ki, 61 yaşayış məntəqəsi, 14 min 780 şəxsi təsərrüfatı olan rayonda qaz çəkilişi 2008-ci ildən başlanılmış və həmin il 401 fərdi evə təbii qaz verilmişdir. 2009-2011-ci illərdə rayon ərazisində 10,5 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. 2010-cu ildə 3053 abonent, 2011-ci il və bu ilin 11 ayı ərzində isə daha 11 min 326 abonent təbii qazla təmin olunmuş, rayon qaz istismar sahəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Qaz xətlərinin çəkilişində müasir standartlara cavab verən 612 kilometr polietilen və 408 kilometr metal borudan istifadə olunmuşdur.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.