Ağdam RİH mediada yazılanlara etiraz etdi
Son günlər kütləvi informasiya vasitələrində Ağdam rayon Təhsil Şöbəsi ilə bağlı yalan, həqiqətə uyğun olmayan əsassız məlumatlar yayılıb. SİA-nın verdiyi məlumata görə, belə məlumatların birində deyilir ki, 2012-ci il noyabrın 7-də Azərbaycan Dövlət Filarmoniyasında YAP-ın 20 illiyi ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir üçün güya Təhsil Şöbəsi tərəfindən pul yığılıb.
Ağdam rayon Təhsil Şöbəsindən bildiriblər ki, yubiley tədbirinin keçirilməsi ilə bağlı heç bir məktəbdən pul yığılmayıb, məktəblərdə yoxlama aparılmır. Ümumiyyətlə, qeyd olunanlar gülünc və cəfəngiyatdır. Ağdam rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar şöbənin müdiri, yubileyin keçirilməsi üzrə təşkilat komissiyasının sədri Rövşən Hüseynov bildirib ki, yubiley tədbirinin keçirilməsi üçün nəinki, məktəblərdən, heç bir idarə, müəssisə və təşkilatlardan pul yığılmayıb: "Bir daha qeyd edirik ki, Kütləvi İnformasiya Vasitələrində gedən bu yazıların heç bir əsası yoxdur və kimlərinsə şəxsi maraqlarına qulluq edir".