Şriftin ölçüsü :

Saytın rəngi :

Quzanlı qəsəbəsində milli iqtisadiyyatın Strateji Yol Xəritəsi bölgə ictimaiyyəti ilə müzakirə olunub

13 iyun 2016 | 11:00

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”nin ictimai müzakirələri davam edir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti tədbiri Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarının ictimaiyyətinin iştirakı ilə keçiriblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov tədbiri açaraq, ölkəmizdə, o cümlədən rayonda iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri" barədə məlumat verərək, sənədin əhəmiyyətini diqqətə çatdırıblar. Bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin başlıca istiqamətləri iqtisadiyyatın qısa, orta və uzunmüddətli dövr üçün davamlı inkişafını təmin edəcək. Bugünkü müzakirələrin keçirilməsində əsas məqsəd də Azərbaycan ictimaiyyətinin milli iqtisadiyyatın strateji yol ilə bağlı təkliflərini cəmləşdirmək, ictimaiyyətin bütün təbəqələrinin fikirlərini dinləməkdən ibarətdir.
Tədbir müzakirələrlə davam etdirilib. Sahibkarlar və ictimaiyyət nümayəndələri kənd təsərrüfatı sahəsində maliyyələşmə məsələləri, sığorta, pay torpaqlarının birləşdirilməsi, korporasiyaların yaradılması, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının artırılması, elmin, mütərəqqi texnologiyaların aqrar sektora tətbiq edilməsi kimi təkliflər səsləndiriblər.

Keçidlər