Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Şur” ansamblının üzvləri ilə ictimaiyyətin görüşü olmuşdur

09 noyabr 2012 | 11:00

Ağdamda “Şur” ansamblının üzvləri ilə rayon ictimaiyyətinin görüşü təşkil olunmuşdur. AzərTAc xəbər verir ki, Quzanlı qəsəbəsindəki mədəniyyət evində keçirilən görüşdə çıxış edənlər noyabrın 7-də Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında verilən möhtəşəm konsertə görə “Şur” ansamblının üzvlərini təbrik etmiş, son illərdə Ağdam rayonunda mədəniyyətin inkişafı sahəsində görülən işlərdən danışmışlar. Bildirilmişdir ki, bu il 60 yaşı tamam olan “Şur” ansamblı nəinki Ağdam rayonunda, eləcə də respublikamızın digər bölgələrində, həmçinin keçmiş SSRİ məkanında konsert proqramları ilə çıxış etmiş, muğam, təsnif və xalq mahnılarımızın gözəl ifası ilə böyük rəğbət qazanmışdır. Muğam və xalq mahnılarımızın mahir ifaçıları Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Məmmədova, Aygün Bayramova, Cabir Abdullayev, Feyruz Səxavət, Sabir Abdullayev, Əbülfət Əliyev, Qədir Rüstəmov, Şahmalı Kürdoğlu, Hafiz Sədirzadə, Sədi Məmmədov, Səxavət Məmmədov və digər xanəndələr böyük səhnəyə “Şur” ansamblından gəlmişlər. Qeyd olunmuşdur ki, Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra 20 ilə yaxın bir müddətdə fəaliyyətsiz qalan “Şur” ansamblı son iki ildə öz fəaliyyətini yenidən bərpa etmişdir. Tədbirdə Azərbaycan Dövlət Filarmoniyasında verilən konsertdəki gözəl ifasına görə ansamblın üzvlərinə rayon icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələr təqdim olunmuşdur.Tədbir “Şur” ansamblının ifasında “Qarabağ şikəstəsi” ilə başa çatmışdır.

Keçidlər