Aprelin 28-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cəbhəyanı kəndlərdə olub.
Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırov Ağdamın cəbhəyanı kəndlərində oldu, artilleriya zərbələrinə məruz qalan Qaradağlı, Mahrızlı, Çəmənli kəndlərində mərmi atəşi nəticəsində dağılan evlərdə olub, ev sahibləri ilə görüşüb. Sarıcalı kəndindəki dağılmış orta məktəbə və ərazilərdəki qırılmış ağaclara baxıb. Bildirilib ki, düşmənin atəşi nəticəsində ötən gecə Ağdam rayonunda mülki əhalidən bir nəfər həlak olub, 8 nəfər yaralanıb. 12 ev, 1 mağaza dağılıb, 1 ev yanıb, 59 evə ziyan dəyib. Eyni zamanda, əhaliyə məxsus 12 baş iribuynuzlu heyvan, 1 at tələf olub, bir avtomobil yararsız hala düşüb.
Nazir jurnalistlərə deyib ki, ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcək.
H.Bağırov bildirib ki, mənbəyi Ermənistan ərazisində olan çaylarda təmizləmə qurğuları tikilir: “Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində ekologiyaya ziyan vurur, meşələri qırır, qızıl mədənlərini istismar edirlər. Ermənistan xarici ölkələrə mebel, ağac satır. Hamı bilməlidir ki, həmin ağaclar işğal altındakı meşələrimizdən qırılır”.
Ermənilərin Sərsəng Su Anbarından ekoloji terror vasitəsi kimi istifadə etdiyini vurğulayan nazir deyib: “Sərsəng Su Anbarı sovet dövründə Azərbaycanın pulu hesabına tikilən və aşağı Qarabağ torpaqlarının suvarılması üçün yaradılan su anbarı idi. İndi baxın, həmin su anbarından ekoloji terror vasitəsi kimi istifadə olunur. İşğal altındakı torpaqlardan qaçqın düşmüş insanların məskunlaşdığı yerlərə qışda, payızda suyu açıb buraxır, onları sel-su altında qoyurlar. Əkin vaxtı su lazım olanda isə suyu kəsirlər.
Bütün dinlərdə mərhəmət prinsipi var. Bu, heç bir dinə, beynəlxalq konvensiyaya uyğun gəlməyən hərəkətlərdir. Ermənilər bütün vasitələrlə total müharibə aparırlar. Onlar Sərsəng Su Anbarını və Araz çayını ekoloji terror alətinə çeviriblər. Biz bu barədə dünya ictimaiyyətini mütəmadi məlumatlandırırıq”.
Ermənilərin təbii sərvətlərimizi talan etdiyini, yandırılmış torpaq taktikası həyata keçirdiyini bildirən H.Bağırov daha sonra deyib: “Artıq xalqımızın səbri tükənib. İnsanlar soruşurlar: Bizim hüquqlarımız niyə tanınmır? Torpaqlarımız işğal altında nə qədər qalacaq? Evlərimiz niyə dağıdılır? Mülki əhali niyə hədəfə alınır? Biz beynəlxalq hüququn bu dərəcədə açıq-aşkar pozulmasına təəccüb və təəssüf edirik.
Artıq Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Ölkəmizin gücü, qüdrəti artıb. Xalq öz rəhbəri ətrafında sıx birləşərək ərazi bütövlüyü uğrunda mübarizə aparır”.