Ağdam rayonu üzrə sosial-iqtisadi göstəricilər təhlil edilib
Ağdam rayonu Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin, 360 şagird yerlik məktəbin, Kənd Təsərrüfatı İdarəsinin binalarının, mərkəzi aptekin tikintisi, Heydər Əliyev parkının, veteranlar evinin yenidən qurulması işləri davam etdirilir. Rayonda sənaye məhəlləsinin yaradılması üçün torpaq sahəsi ayrılıb.
Bu barədə Ağdam Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda məlumat verilib. Bildirilib ki, ilin ötən üç ayında rayon üzrə ümumi məhsul istehsalının həcmi 16,6 milyon manat olub. Bu dövrdə 2 milyon manatlıq sənaye, 8,7 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, hesabat dövründə 1722 hektar sahədə tərəvəz, 452 hektar sahədə kartof, 1999 hektar sahədə yonca əkilib. Rayonda cins heyvandarlığın inkişaf etdirilməsi, damazlıq işinin təşkili sahəsində tədbirlər davam etdirilib. Bu dövrdə 391 baş inək və düyə süni yolla mayalandırılıb, 202 baş sağlam cins buzov alınıb.
Qeyd edilib ki, kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq, məhsul istehsalçılarının yüksək reproduksiyalı buğda toxumu və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq, xüsusilə pambıqçılığı, baramaçılığı, üzümçülüyü və damazlıq heyvandarlığı inkişaf etdirmək, kooperasiyaların, iri taxılçılıq təsərrüfatlarının yaradılması qarşıda duran ən vacib məsələlərdəndir.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərlə toxunulub, onların həlli yollarından və qarşıda duran vəzifələrdən danışılıb.