Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi
Yeni Azərbaycan Partiyası zamanın tələbinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illik yubileyi qeyd olunmuşdur.
AzərTAc xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon mədəniyyət evində keçirilən tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev bildirmişdir ki, müstəqilliyimizin ilk illərində ölkədə baş verən ictimai-siyasi proseslər, xarici qüvvələrin təzyiqi və daxildəki hakimiyyət çəkişmələri Azərbaycan dövlətini parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Azərbaycan ziyalıları ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi.
Bildirilmişdir ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin sonralar qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.
Qeyd olunmuşdur ki, ölkəmizin ağır günlərində - 1993-cü ildə yaradılan YAP Ağdam rayon təşkilatı bu gün 5124 üzvü özündə birləşdirir. Cari ilin 10 ayı ərzində 500 nəfər partiya sıralarına daxil olunmuşdur.
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, təşkilatın gənclər birliyinin sədri Amil Cavadov yığıncaq iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, partiyanın keçdiyi inkişaf yolu, Azərbaycanın bugünkü uğurlarındakı tarixi xidmətlərindən danışmışlar.
Tədbirdə YAP-ın 20 illiyi ilə bağlı keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə, partiyanın rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərman və hədiyyələr, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.
Sonda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.