Cəbhə bölgəsinin əli silah tutan sakinləri düşmənlə döyüşə atılmağa hazırdırlar
Cəbhə bölgəsindəki bir sıra yaşayış məntəqələri ermənilər tərəfindən aramsız atəşə tutulur. Mərmilər evlərə düşür, mülki əhali arasında həlak olanlar və yaralananlar var. Lakin sakinlər evlərinin dağılmasna təəssüflənmirlər. “Təki Vətən sağ olsun, torpaqlarımız düşmən tapdağından xilas edilsin” – bu fikirlər cəbhə bölgəsində yerləşən Ağdam rayonunda keçirilən yığıncaqda xüsusi vurğulanır.
Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən ümumrayon toplantısında rayon ictimaiyyəti, ağsaqqallar, ehtiyatda olan zabitlər, Qarabağ müharibəsi veteranları, gənclər Vətənin müdafiəsində öz həmrəyliklərini nümayiş etdiriblər.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri İsgəndər Quliyev, keçmiş döyüşçülər Şamil Əbilov və Baxşeyiş Hətəmov çıxış edərək, cəbhə xəttindəki son hadisələrdən danışıblar. Bildirilib ki, Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Rayon ictimaiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilən iclasında Ali Baş Komandan İlham Əliyevin konkret mövqeyini ürəkdən alqışlayır, dövlətimizin başçısının hər bir əmrinə səfərbər olduqlarını bildirirlər.
Vurğulanıb ki, ağdamlılar bu gün də Prezident İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün silaha sarılmağa hazırdırlar.