Bakı şəhərində müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərlə görüş keçirilmişdir
Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri Bakı şəhərində müvəqqəti məskunlaşmış həmyerliləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışlar.
AzərTAc xəbər verir ki, Sabunçu rayonu enerji satış mərkəzinin akt zalında keçirilən görüşdə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və ağdamlı məcburi köçkünlər iştirak etmişlər. Tədbirdə çıxış edənlər məcburi köçkünlərə göstərilən qayğıdan, problemlərinin həlli istiqamətində görülən işlərdən, Ağdam rayonun işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi məcburi köçkünlərin müraciətlərini dinləmiş, problemləri ilə maraqlanmışdır. Qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar orqanların təmsilçilərinə tapşırıqlar verilmişdir.
Məcburi köçkünlər onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.