Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

17 fevral 2016 | 11:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi sahəsində ictimai tədbirləri davam etdirir.
fevralın 17-də Quzanlı qəsəbəsində Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Ağdam Dövlət Dram Teatrında keçirilən kütləvi tədbirdə icra hakimiyyətinin və Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Qəhrəman Şirin Mirzəyevə həsr edilmiş “Diqqət mən 301-əm” adlı sənədli film göstərilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, ağdamlıların Vətənimizin müdafiəsi uğrunda göstərdiyi fədakarlıqlarından danışıb, müharibə şəraitində yaşayan Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən danışıb. Bildirib ki, Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür. Dövlət Xidməti ordu ilə xalq arasında körpü rolunu oynayır.
Milli Məclisin deputatı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova çıxışında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdə bu istiqamətdə, həmçinin ordu quruculuğunda görülən işləri yüksək qiymətləndirib. Bildirib ki, qələbə qazanmaq üçün döyüşə hazır olmalıyıq.
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli dövlət müstəqilliyinin qazanılmasında və qorunmasında xalqımızın mübarizliyindən danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ordumuzun qələbəsi ilə nəticələnəcəyinə inamını ifadə edib.
Sonra şəhid ailələrinin üzləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam edib.

Keçidlər