Baş nazirin müavini Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Baş nazirin müavini Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Quzanlı qəsəbəsində Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Görüşdə çıxış edən Əli Həsənov Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına dair konfransda Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqları və müəyyənləşdirilən prioritet istiqamətləri diqqətə çatdırıb.
Baş nazirin müavini bildirib ki, ötən il dünyada həm iqtisadi, həm də siyasi baxımdan böhranlı il kimi yadda qalıb. Dünyada mövcud münaqişələrin həllində heç bir irəliləyiş olmayıb, əksinə, yeni münaqişə ocaqları yaranıb, qaçqın və miqrantların sayı artıb.
Ə.Həsənov qeyd edib ki, dünyada iqtisadi böhran 2008-ci ildən başlasa da, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda bu böhran hiss edilmədi. Yalnız neftin qiymətinin 4 dəfə ucuzlaşmasından sonra manatın məzənnəsi aşağı düşdü.
Bütün bunlara baxmayaraq, ötən il Azərbaycan iqtisadiyyatı inkişaf edib, sosial proqramlar icra olunub. Ümumdaxili məhsul 1,1 faiz, sənaye 2,4 faiz, kənd təsərrüfatı 6,6 faiz, qeyri-neft sektoru 8,4 faiz artıb. Ötən il 60 tibb obyekti və 20 məktəb tikilib, məcburi köçkünlər üçün 5 yeni qəsəbə salınıb, 100 min yeni iş yeri açılıb.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla icra edilməsinin dinamik sosial-iqtisadi inkişafa yol açdığını vurğulayan Komitə sədri məlumat verib ki, son 12 ildə ölkəmizdə 25 elektrik stansiyası tikilib, şəhərlərin 90 faizi, rayonların isə 80 faizi təbii qazla təmin olunub. Həmin müddətdə 10 min kilometrdən çox magistral yollar çəkilib, içməli su layihələri həyata keçirilib, Şəmkirçay, Taxtakörpü su anbarları inşa edilib, Ceyranbatan gölündə sutəmizləyici qurğular tikilib. Regionlarda 41 olimpiya kompleksi, 3 min məktəb, 600 xəstəxana inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə Prezident İlham Əliyevin diqqət və qayğısından danışan Əli Həsənov bildirib ki, bu kateqoriyadan olan insanlar üçün respublikanın şəhər və rayonlarında bütün sosial-texniki infrastruktura malik 94, o cümlədən son 12 ildə 89 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 250 min məcburi köçkün yeni evlərə köçürülüb.
Manatın devalvasiyasından sonrakı vəziyyətə toxunan komitə sədri qeyd edib ki, bundan istifadə etməyə çalışan bəzi işbazlar ölkədə süni qiymət artımı yaratmağa cəhd göstərdilər. Lakin bu halların qarşısı dərhal alındı. Görülən tədbirlər sayəsində unun və çörəyin qiyməti ucuzlaşdı. Dövlətimizin başçısının sərəncamları ilə maaşlar, pensiyalar və sosial müavinətlər artırıldı. Ölkədə əsaslı struktur islahatlarına başlanıldı.
Əli Həsənov qeyd edib ki, dövlətimizin başçısı məmurlara xəbərdarlıq edib, onlara ciddi tapşırıqlar verib. Belə ki, dövlət məmurları xalqın xidmətçisi olmalı, vətəndaşlara qayğıkeş münasibət bəsləməli, onların problemlərinin qanun çərçivəsində həllinə kömək etməlidirlər.
Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu ən mühüm məsələlərdən biri də sahibkarlığın inkişafıdır. İş adamlarına lazımi şərait yaradılmalı, onlara kömək göstərilməli, bütün maneələr aradan qaldırılmalıdır. Digər ümdə vəzifə ərzaq təhlükəsizliyinin təmin edilməsi, istər kənd təsərrüfatı, istərsə də sənaye məhsullarının rəqabətqabiliyyətli olmasıdır. Eyni zamanda, ixracyönümlü məhsulların istehsalına xüsusi diqqət ayrılmalı, idxaldan asılılıq azaldılmalı, inhisarçılığın qarşısı alınmalıdır. İstifadəsiz torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməlidir.
Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısının verdiyi bütün tapşırıqlar insan amilinə yönəldilib. Dövlət xalq üçün çalışır. Atılan bütün addımlar əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir. Ona görə də xalqla Prezident arasında monolit birlik var.
Komitə sədri deyib ki, ölkəmizdə yalnız bir məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Münaqişənin uzanmasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini vurğulayan Əli Həsənov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün iqtisadiyyat və ordu daha da gücləndirilməlidir.
Daha sonra Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək, dünyadakı iqtisadi-siyasi böhrandan, bu proseslərin Azərbaycana təsirindən danışıb. Bildirib ki, qlobal böhranın təsirlərini azaltmaq üçün Azərbaycanda lazımi tədbirlər görülür. Xalq dövlətə, Prezidentə inanır, görülən tədbirləri dəstəkləyir.
Görüşdə çıxış edən Ağdam rayonundan məcburi köçkün Əvəz Mikayılov, Laçın rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arif Feyzullayev, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev və Xocavənd rayonundan məcburi köçkün Oqtay Göyüşov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, eyni zamanda, bəzi mövcud problemlərdən söz açıblar. Ağdam rayonunun Ayaq Qərvənd kəndinə gedən yolun asfaltlanması, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər üçün evlərin inşası, Goranboy rayonunda məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin suvarma suyuna olan tələbatının ödənilməsi, Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlərə pay torpaqlarının verilməsi ilə bağlı müraciətlər edilib.
Baş nazirin müavini Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarından olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.