Multikulturalizm Azərbaycan xalqının həyat tərzinə, gündəlik yaşayışına çevrilib
Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb. Ölkəmiz dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır.
Bu fikirlər 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı respublikada ilk dəfə olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə səsləndirilib. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov, rayon ziyalısı Hüseyn Bayramov, Dövlət Sosial İqtisad Kollecinin direktoru Natiq Cavadov, YAP Ağdam rayon təşkilatını sədri İsgəndər Quliyev çıxış edərək multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıblar. Bildirilib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra ölkəmizdə dini dözümlülük və tolerantlıq mədəniyyəti ümummilli lider Heydər Əliyev tərəfindən daha da möhkəmləndirilərək, dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Tolerantlıq, multikulturalizm Azərbaycanın dövlət siyasəti olmaqla yanaşı, həm də cəmiyyətin daxilinə sirayət edib, xalqımızın həyat tərzinə, gündəlik yaşayışına çevrilib. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri Qarabağ müharibəsi zamanı da erməni işğalçılarına qarşı çiyin-çiyinə döyüşüblər. Çıxışlarda ölkəmizdə tarixən formalaşan və bu gün də davam edən multikulturalizm ənənələri yüksək qiymətləndirilib.