Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olmuş 20 Yanvar faciəsinin 26-cı ildönümü Ağdam rayonunda qeyd edilib.
Ağdam Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, hərbçilər rayonun girişindəki Şəhidlər abidə kompleksi önünə qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.
Ümumrayon anım mərasimində çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 20 Yanvar faciəsinin səbəblərindən və ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çıxışlarda qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən də bəhs edilib.
Tədbirdə Ağdam Dram Teatrının hazırladığı kompozisiya göstərilib.
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.