Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda sosial məsələlərin həllinə diqqət artırılmışdır

21 oktyabr 2012 | 10:00

2012-ci ilin doqquz ayı ərzində Ağdam rayonunda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 64 milyon 347 min manat olmuşdur. Bu dövdə rayonda 4 milyon 125 min manatlıq sənaye, 48 milyon 548 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, əsas kapitala 6 milyon 215 min manat vəsait yönəldilmişdir. Doqquz ayda 779-u daimi olmaqla 1342 yeni iş yeri açılmışdır.
Bu faktlar cari ilin 9 ayında rayonda görülmüş işlərlə bağlı Ağdam Rayon İcra Hakimiyyətində keçirilən geniş şura iclasının hesabat məruzəsində səsləndirilmişdir.
Yığıncaqda daha sonra bildirilmişdir ki, rayonda sosial məsələlərin həllinə diqqət artırılmış, tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir. Hesabat dövründə Quzanlı qəsəbəsində doğum evi, uşaq xəstəxanası, təcili tibbi yardım stansiyası, 180 şagird yerlik Səfərli kənd tam orta məktəbi üçün binalar, Birinci Dördyol qəsəbəsində “İctimai xeyir-şər evi”, “Aqroservis” kompleksi, Hacıturalı kəndində tibb məntəqəsi tikilərək istifadəyə verilmiş, Heydər Əliyev adına park, Birinci Yüzbaşılı kənd uşaq bağçası, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, Alıbəyli kənd tam orta məktəbi əsaslı təmir edilmişdir. Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılmışdır. Hazırda telekommunikasiya qovşağının inzibati binasının və Xındırıstan kənd uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.
Məruzədə aqrar sahədə qazanılan uğurlardan danışılarkən diqqətə çatdırılmışdır ki, hesabat dövründə rayonda 52 min 830 ton taxıl, 35 min 790 ton tərəvəz, 7100 ton kartof, 4820 ton bostan məhsulları, 3900 ton qarğıdalı, 1070 ton şəkər çuğunduru istehsal edilmiş, heyvandarlıq məhsulları istehsalında dinamik artıma nail olunmuşdur.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilmiş, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılmışdır.
 

Keçidlər