Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsində uşaq bağçası istifadəyə verilib

08 oktyabr 2015 | 10:00

Ağdam rayonunun cəbhə zonasında yerləşən Evoğlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məktəbəqədər tədris müəssisəsinin istifadəyə verilməsinə görə tədbir iştirakçılarını, uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, uşaqlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb. Ölkəmizdə uşaqların hərtərəfli qayğı ilə əhatə olunduğunu, keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin edildiyini diqqətə çatdıran İcra Hakimiyyətinin başçısı bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, respublikamızın hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur. Bütün bölgələrində olduğu kimi, Ağdam rayonunda da yeni inşa olunan uşaq bağçası bu sahədə görülən işlərin növbəti əyani nümunəsidir. 
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. İki mərtəbəli 100 çarpayılıq körpələr evində uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub.
Bağçanın həyətində uşaq əyləncə vasitələri quraşdırılıb, yaşıllıq zolaqları salınıb.

Keçidlər