Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda müharibə əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib

05 oktyabr 2015 | 10:00

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində inşa etdirilən fərdi yaşayış evlərindən 10 ədədinin Ağdam rayonunda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Tədbirlərdə ƏƏSMN-in, Ağdam rayon icra hakimiyyətinin, ictimai birliklərin nümayəndələri və yerli sakinlər iştirak ediblər.
ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ölkəmizdə müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının daim gücləndirildiyini, onların rifah halının yaxşılaşdırılması yönündə mühüm addımların atıldığını diqqətə çatdırıb. Ç.Əliyev bu insanlara yönələn Prezident təqaüdlərinin mütəmadi olaraq artırıldığını vurğulayıb, eyni zamanda, onların pensiya və ya müavinətlə təmin edildiklərini, onlar üçün qanunvericilikdə bir sıra imtiyazların nəzərdə tutulduğunu bildirib.
Tədbirlərdə dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən, son illərdə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi işlərindən də bəhs olunub.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5 min 731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutur. Sərəncamın icrası işlərindən biri kimi, respublikanın müxtəlif bölgələrində 375 fərdi evin tikintisi işləri aparılıb ki, onlardan artıq inşası başa çatmış evlər istifadəyə verilməkdədir. Bu kimi tədbirlər bir daha sübut edir ki, ölkəmizdə makroiqtisadi sabitlik və tərəqqi dinamikası qorunub saxlanmaqla bərabər, sosial proqramların uğurla davam etdirilməsi də təmin olunur.
Yeni fərdi yaşayış evi ilə təmin olunan ailə üzvləri, eləcə də yerli sakinlər ürək sözlərini bildirərək, müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər