Ağdamda Xalq Artisti Mənsum İbrahimovun 55 illik yubileyi qeyd olunub
Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində tanınmış xanəndə, Xalq Artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 55 illik yubileyi qeyd edilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan, Xalq Artisti Mənsum İbrahimovun həyat və yaradıcılığından, onun yaratdığı ölməz obrazlardan, Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində göstərdiyi xidmətlərdən danışıb. Bildirilib ki, M.İbrahimovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib və 1998-ci ildə o, Əməkdar Artist, 2005-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb.
Tədbirdə çıxış edən Mənsum İbrahimov bütün iştirakçılara minnətdarlığını bildirib, növbəti belə tədbirləri işğaldan azad olunmuş torpaqlarımızda qeyd etməyi arzulayıb.
Yubiley tədbirində Xalq Artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar artistlər Təyyar Bayramov, Cabir Abdullayev, Səbuhi İbayev, Sevinc Sarıyeva, gənc xanəndə Elşad Aydınoğlu və gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib.