Dövlət Müstəqilliyi Günündə Ağdamda iki məktəb binası istifadəyə verilmişdir
Ağdam rayonunun Quzanlı qəsəbəsində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.AzərTAc xəbər verir ki, mədəniyyət evində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmiş, Azərbaycanın keçdiyi çətin, lakin şərəfli müstəqillik yolundan danışmışlar. İyirmi bir il bundan əvvəl öz müstəqilliyini qazanan Azərbaycanın həmin dövrdə qarşılaşdığı çətinliklər, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsi bir daha diqqətə çatdırılmış, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olunmuşdur.
Həmin gün rayonun cəbhə xəttində yerləşən Çəmənli və Hacıturallı kəndlərində əsaslı təmir olunmuş 480 şagird yerlik məktəb binaları istifadəyə verilmişdir.
Bu münasibətlə rayon rəhbərliyinin, ictimaiyyətin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimlərdə çıxış edənlər müəllim, şagird və valideynləri Dövlət Müstəqilliyi Günü və təhsil müəssisələrinin istifadəyə verilməsi münasibətilə təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışmışlar.
Tədbirdə söz alan pedaqoji kollektivin və kənd ictimaiyyətinin nümayəndələri təhsil ocaqlarının əsaslı təmir olunaraq istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəblərdə yaradılmış şəraitlə tanış olmuşlar.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq təmir olunmuş məktəb binalarında fənn kabinələri, laboratoriya, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi yaradılmış, məktəblər lazımi inventar və avadanlıqla təmin olunmuşdur.