Yeni dərs ilinin başlanması münasibətilə Ağdam rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədbirlər keçirilib.
Ağdam rayonunun ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın işçiləri və rayon Təhsil Şöbəsinin rəhbərliyi iştirak edərək şagirdləri yeni dərs ili münasibətilə təbrik ediblər. Bildirilib ki, ötən dərs ilində rayonda 135 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 33 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərib. 2015-ci ildə ümumtəhsil məktəblərini bitirən məzunlardan 372-si tələbə adını qazanıb. Onların 51 nəfəri 500-600 arası, 23 nəfəri isə 600-dən çox bal toplayıb. Bu il isə Ağdam rayonunun orta məktəblərində ümumilikdə 23801 şagird təhsil alacaq ki, onlardan da 2360 nəfərini birinci sinifə gedənlər təşkil edəcək.
Bilik günü münasibətilə keçirilən tədbirdə qeyd olunub ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Ötən il rayonda 160 yerlik Birinci Baharlı, 120 yerlik Həsənxanlı, 120 yerlik Hacıməmmədli, 360 yerlik Əfətli kənd tam orta məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. Əhmədağalı və Xındırıstan kənd tam orta məktəbləri əsaslı təmir edilib. Bundan başqa, İmamqulubəyli qəsəbəsində inşa edilən 440 yerlik məktəb binası 135 saylı köçkün tam orta məktəbin, Yevlax Bərdə avtomobil yolunun kənarında yeni salınmış yaşayış massivlərində tikilən 480 yerlik məktəb binası 1 saylı köçkün tam orta məktəbin, 640 yerlik məktəb binası isə 12 saylı köçkün tam orta məktəb şagirdlərinin istifadəsinə verilib. Quzanlı qəsəbəsində məktəb liseyin binasının tikintisinə başlanılıb və davam etdirilir.