Ağdamlılar böyük qayıdışa-işğal altında olan torpaqları azad etmək üçün Ali Baş Komandan əmrlərinə hər an hazır olduqlarını bəyan etmişlər.
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bir neçə gündür ki, Komanda Qərargah Hərbi Oyunları uğurla davam etməkdədir. Azərbaycan ordusunun güc və qüdrətinin təntənəsinə çevrilən bu irimiqyaslı təlimlər düşmənlərimizi nə qədər vahiməyə salmışsa, bir o qədər də xalqımızın vətənpərvərlik ruhunun, orduya və işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamının daha da yüksəlməsinə səbəb olmuşdur.
Təlimlərə altı min nəfərdən çox hərbi vəzifəlinin ehtiyatdan çağırılması və onların vaxtında təyin edilən məntəqələrə çatdırılması yüksək səviyyədə təşkil olunmuşdur. Son vaxtlar Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin, icra strukturlarının, hərbi hissələrin qarşısına toplaşan yüzlərlə müharibə veteranı, şəhid övladı, gənclər nəinki təlimlərə qoşulmaq, həmçinin işğal altında olan torpaqlar uğrunda müqəddəs döyüşlərə atılmaq üçün ordu sıralarına daxil olmaq üçün növbədə dayanmışlar.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində Şəhidlər abidəsi kompleksi önündə min nəfərdən çox Ağdam sakini vətənin çağırışına hər an hazır olduqlarını bildirmək üçün toplaşmışlar.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlərin abidə kompleksini ziyarət etmişlər.
Mitinqi Ağdam Rayon İcra Hakimiyyəti başçısı Raqub Məmmədov açaraq bildirib ki, bir neçə gündür davam edən Komanda Qərargah Hərbi Oyunları Ağdam əhalisinin də böyük ruh yüksəkliyinə səbəb olub. Əli silah tutan hər bir gənc, eləcə də müharibə iştirakçısı ordu ilə həmrəyliklərini, Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan etmək üçün belə bir aksiyanın keçirilməsini təkidlə xahiş etmişlər. Rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən bu vətənpərvərlik təşəbbüsü çox böyük rəğbətlə qarşılanmış və tədbirin keçirilməsinə icazə verilmişdir.
Sonra ayrı-ayrı şəxslər meydanın mərkəzində qoyulmuş mikrofona yaxınlaşaraq öz arzu, fikir və təkliflərini bildirmişlər.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə göstərdiyi şəxsi rəşadət və şücaətə görə ordeni və medallarla təltif olunmuş Qarabağ müharibəsi iştirakçıları çıxış edərək ölkə rəhbərinin daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini və Ağdamlı veteranların yenə də döyüşlərə atılmağa hazır olduqlarını qeyd edib.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri də tədbirdə çıxış edərkən işlətdikləri “Şəhidlərin intiqamını almaq vaxtı çoxdan çatmışdır. Mən də sizinlə birlikdə döyüşə getməyə hazıram!” sözləri iştirakçılarda kövrək duyğular oyatmışdır.
Birbaşa Komanda Qərargah Hərbi Oyunlarından mitinqə gəlmiş Müdafiə Nazirliyinin zabitləri, Azərbaycan ordusunun arxasında böyük xalqın dayandığından qürur duyduqlarını və Azərbaycan əsgərinin bundan güc, ilham aldıqlarını vurğulamış, ordu ilə xalqın bu həmrəyliyini yüksək qiymətləndirərək Müdafiə Nazirliyi rəhbərliyinin və Silahlı Qüvvələr şəxsi heyətinin minnətdarlığını tədbir iştirakçılarına çatdırmışdır.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov dünyanın bir çox ölkələrinin iqtisadi siyasi, hərbi böhranla üzləşdiyi bir dövrdə müstəqil respublikamızın tərəqqi və inkişaf yolu ilə inamla irəlilədiyini qeyd etmiş, güclü dövlətimizin güclü, qüdrətli ordusunun yarandığını böyük iftixar hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqlarımızı istənilən vaxt azad etməyə hazır və qadirdir. Lakin ölkə rəhbərliyi Qarabağ probleminin sülh, danışıqlar yolu ilə həllini hər şeydən üstün tutur. Əgər düşmən məkrli niyyətlərindən əl çəkməyəcəksə, onda ordu ilə xalqın birliyi öz sözünü deyəcəkdir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi “Bizim bayrağımız tezlikcə Ağdam, Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır. Biz qələbə gününü görəcəyik” kəlamları səslənmiş və iştirakçılar vətənpərvərlik mahnılarının müşayiəti ilə meydandan ayrılmışlar.