Şriftin ölçüsü :

Saytın rəngi :

İsveçrədə "Qarabağ" zəfəri

21 avqust 2015 | 10:00

Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin ilk oyununda səfərdə İsveçrənin "Yanq Boyz" kollektivi üzərində mühüm qələbə qazanıb.
Berndəki "Stad de Suisse” arenasında oynanılan görüşdə “Qarabağ”ın qələbə qolunu oyunun 67-ci dəqiqəsində Riçard Almeyda vurub.
Qarşılıqlı hücumlarla başlayan oyunun 10-cu dəqiqəsində "Yanq Boyz"un hücumunu "Qarabağ"ın qapıçısı dəf edib. Növbəti beş dəqiqə ərzində ağdamlılar rəqibin cərimə meydançasına bir neçə dəfə daxil olsalar da, hücumu uğurla tamamlaya bilməyiblər. Oyunun 17-ci dəqiqəsində "Qarabağ"ın qapıçısı Şehiç rəqib hücumçu ilə təkbətək mübarizədən qalib ayrılıb. 20-ci dəqiqədə sağ cinahdan başlanan hücum zamanı iki müdafiəçini ustalıqla aldadıb rəqibin cərimə meydançasına daxil olan Reynaldonun ötürməsi dəqiq olmayıb. Dörd dəqiqə sonra müdafiəçilərdən sıyrılan Reynaldo çərçivəni dəqiq nişan alsa da qapıçı onun fərqlənməsinə imkan verməyib.
Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Matçın ikinci hissəsi də sürətli hücumlarla başlayıb.
İkinci yarının ən təhlükəli vəziyyətini ağdamlılar yaradıblar. Oyunun 62-ci dəqiqəsində rəqibin müdafiə xəttini ustalıqla yararaq qapıçı ilə təkbətək qalan Reynaldonun zərbəsini son anda qapıçı dəf edib. Lakin hücumlarını davam etdirən ağdamlılar beş dəqiqə sonra istəklərinə çatıblar. 67-ci dəqiqədə Riçard Almeydanın uzaq məsafədən dəqiq zərbəsi "Qarabağ"ı hesabda irəli çıxarıb - 1:0.
Qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan isveçrəlilər bir neçə dəfə təhlükəli vəziyyət yaratsalar da, hesab dəyişməyib. Beləliklə, Ağdamın "Qarabağ"komandası səfərdə - İsveçrədə "Yanq Boyz" kollektivini 1:0 hesabı ilə məğlub edərək cavab oyunu üçün olduqca böyük üstünlük qazanıb.
Qarşılaşmanı rusiyalı hakimlər briqadası idarə edib. Matçın əsas referisi Vladislav Bezborodov olub. Ona həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin kömək ediblər. Aleksey Yeskov isə dördüncü hakim funksiyasını yerinə yetirib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda oynanılacaq.

Keçidlər