Ağdam gənclərinin daha yaxşı gələcək üçün təklifləri toplanılıb
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu ilə birgə həyata keçirdiyi “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində Ağdam rayonunda təlimlər təşkil olunub.
Beş gün davam edən təlimlərdə rayonun fəal gəncləri iştirak ediblər.
Təlimin mövzuları Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən teatr-əsaslı təlimlər formasında tədris olunub. Reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİV/QİÇS kimi mövzuların müzakirə obyekti olduğu təlimlərin sonunda gənclər əldə etdikləri bilik və bacarıqları teatr tamaşasında canlandırıblar.
Təlim sessiyasının sonunda təşkil olunmuş teatr tamaşasını rayon ictimaiyyəti ilə yanaşı, bir sıra dövlət qurumlarının nümayəndələri də izləyiblər.
Sessiyada müzakirə olunan mövzular ətrafında gənclər öz fikirlərini paylaşıblar. Ağdam gənclərinin daha yaxşı gələcək üçün səsləndirdikləri təkliflər toplanılıb. Ən uğurlu təkliflər Nyu-Yorkda keçiriləcək BMT sammitində Azərbaycan hökuməti tərəfindən təqdim ediləcək hesabat üçün hazırlanmış “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” bəyannaməsinin tərkibində Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinə təqdim olunacaqdır.
“Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində artıq Lənkəran və İsmayıllı şəhərlərində də beşgünlük təlimlər həyata keçirilib. Layihənin yekun konfransının sentyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulub.