Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər ölkə başçısına minnətdarlıq edirlər

08 oktyabr 2012 | 10:00

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtərdə yeni inşa edilən Gənclər Mərkəzinin açılışında iştirak etməsi və burada bölgə gənclərinin nümayəndələri ilə görüşməsi gənclər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov AzərTAc-a bildirmişdir ki, bölgələrdə Gənclər Evi və Gənclər Mərkəzlərinin yaradılması, dövlət başçısının mütamadi olaraq gənclərlə görüşməsi gənclərə olan diqqət və qayğının təcəssümüdür. Azərbaycanda həyata keçirilən gənclər siyasəti, “Azərbaycan gəncliyi” Dövlət Proqramının qəbul olunması, gənclərə yaradılan hərtərəfli şərait müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində inkişafına möhkəm zəmin yaratmışdır. Bu gün Azərbaycanda bilikli, intellektual, vətənpərvər ruhlu gənclər yetişir. Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Qarabağlı gənc kimi bildirirəm ki, biz gənclər Prezident İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad edilməsi istiqamətindəki fəaliyyətini dəstəkləyirik və Ali Baş Komandanın hər an “İrəli” əmrini gözləyirik.
Tərtər rayon gənclər və idman idarəsinin rəisi Elvin Umudov ölkə başçısının rayonda yeni inşa edilən Gənclər Mərkəzinin açılışında iştirak etməsi və burada gənclərlə görüşməsinin gənclər tərəfindən böyük rəğbətlə qarşılandığını bildirərək, göstərilən diqqət və qayğıya görə tərtərli gənclər adından Prezident İlham Əliyevə minnətdarlıq etmişdir.
 

Keçidlər