Şriftin ölçüsü :

Saytın rəngi :

Quzanlı şəhərə çevrilir

12 oktyabr 2012 | 10:00

Bu proses dövlətin qayğısı, ağdamlıların fədakarlığı sayəsində gerçəkləşir

Bu gün Azərbaycan bütün dünyanı heyrətə salan qeyri-adi bir sürətlə inkişaf edir. Bu yüksəlişin, bu tərəqqinin mayasında iki əsas amil olduğunu desək, səhv etmərik. Birincisi odur ki, böyük yaradan bu yurda təbii sərvətlər verəndə səxavətini əsirgəməyib. İkincisi isə bu sərvətlərdən ağılla, yaradıcılıqla, uzaqgörənliklə istifadə etmək bacarığıdır. Bir-birini tamamlayan bu iki amilin vəhdəti xalqımızın bugünkü firavan həyatını, ölkəmizin dinamik sosial-iqtisadi inkişafını təmin edir. İndi kəndlərimiz, şəhərlərimiz elə sürətlə dəyişib gözəlləşir ki, heyran qalmaya bilmirsən. Ölkəmizin paytaxtı Bakıda diqqət çəkən intibah yaxın-uzaq bölgələrdə də aydın hiss olunur. Respublika Prezidenti İlham Əliyevin xüsusi qayğı və diqqət göstərdiyi, fərqli münasibət bəslədiyi cəbhə bölgələri bu baxımdan istisna təşkil etmir. Ərazisinin 77,4 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdam bu gün dövlət qayğısının əsas ünvanına çevrilib.
Avropa standartlarına cavab verən kənddə ilk olimpiya idman kompleksinin məhz Quzanlıda tikilməsi bu qayğının parlaq təzahürlərindəndir. Dövlət başçısının xüsusi tapşırığı ilə rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması ən qısa müddətdə başa çatdırılmışdır. Bu qayğının bir həssas məqamı isə cəbhə xəttinə yaxın kəndlərin birinci növbədə qazlaşdırılmasıdır. Belə yanaşma isə bütün rayon əhalisində böyük razılıqla qarşılandı.
Quzanlı yaxın günlərədək öz görkəmi ilə ölkənin digər kəndlərindən elə də ciddi şəkildə fərqlənmirdi. Son illərdə isə dövlətin yetərli və davamlı qayğısından güc alan, doğma yurdu canından artıq sevən ağdamlıların fədakarlığı kəndi şəhərə çevirib desək, qətiyyən mübaliğə olmaz. Şəhərə xas olan xüsusiyyət indi Quzanlıda var. Müasir tipli yeni binalarda fəaliyyət göstərən sosial obyektlər, məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət müəssisələri, orta ixtisas kollecləri, beynəlxalq idman yarışları keçirməyə imkan verən idman qurğuları və s. Quzanlının gerçək bir şəhər olduğunu təsdiq edən amillərdir. Gündəlik həyatlarında Prezidentin qayğısını görən, çiyinlərində dövlətin güclü əlini hiss edən ağdamlılar nəinki rayon mərkəzinə çevrilmiş Quzanlını, eləcə də rayonun işğal altında olmayan bütün ərazisini cənnətə döndərmək üçün ürəklərinin odunu, əllərinin hərarətini əsirgəmədən çalışırlar.
Təkcə son üç ildə görülən abadlıq, tikinti və quruculuq işlərini sadalasaq, böyük bir siyahı alınar. Mərkəzi rayon xəstəxanası, doğum evi, uşaq xəstəxanası, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, təhsil şöbəsinin, qaz-istismar idarəsinin, yol tikinti idarəsinin, su kanal idarəsinin, sığorta idarəsinin, "Aqroservis" kompleksinin inzibati binaları, veteranlar evi, Səfərli kənd orta məktəbi, Quzanlı köçkün və Birinci Baharlı qəsəbələrində hər biri 250 yerlik "xeyir-şər evləri" məhz son illərdə tikilib istifadəyə verilmişdir. Quzanlı mədəniyyət evi, Quzanlı uşaq bağçası, Birinci Yüzbaşılı uşaq bağçası və məktəbi, Çəmənli, Alıbəyli, Hacıturalı, Qaradağlı tam orta məktəbləri, YAP Ağdam rayon təşkilatının qərargahı, Quzanlı qəsəbə, Xındırıstan, Qaradağlı, Çəmənli, Əhmədağalı ərazi nimayəndəliklərinin binaları əsaslı təmir olunmuşdur. 28 kilometr uzunluğunda Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun yüksək keyfiyyətlə inşa edilməsi bölgə əhalisində dövlət qayğısına hədsiz razılıq doğurur.
Möhtəşəm giriş qapısı, Bayraq meydanı, ağdamlı şəhidlərin xatirəsinə inşa edilmiş abidə kompleksi, yeni salınmış "Qala" parkı rayon ərazisinə qədəm qoyan hər kəsdə xoş duyğular oyatmaqla yanaşı yaxın keçmişin acılarını yada salır, uzun illər bir yerdə yaşadığımız ermənilərin insanlığa sığmayan vəhşiliklərini unutmamağa, dərindən-dərinə düşünməyə məcbur edir.
Gündüzləri al-əlvan, gecələri çıraqban Quzanlı qəsəbəsində Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Əşrəf Əliyev, M.F.Axundov, S.S.Axundov, Məşədi Abbas, Xudu Məmmədov küçələri müasir şəhərsalma qaydalarına uyğun olaraq yenidən qurulmuş, 300-dən çox yöndəmsiz ticarət və iaşə obyekti götürülərək yerində yaraşıqlı, müasir görkəmli yeni binalar tikilmişdir. Quzanlı qəsəbəsində yenidən qurulan Heydər Əliyev parkı adamların sevimli istirahət yerinə çevrilmişdir. Bölgə əhalisinin böyük inanc yeri olan Seyid Lazım Ağa ziyarətgahında, Xındırıstan məscidində, Quzanlı və İmamqulubəyli kənd qəbiristanlıqlarında aparılan təmir və abadlıq işləri adamlarda mənəvi rahatlıq yaradır, minnətdarlıq hissi doğurur. Yaranışından içməli su sarıdan korluq çəkən Baharlı kəndində 3,5 kilometr məsafədən su xətti çəkilməsi kənddə əsl el şənliyinə çevrildi. Son üç ildə 1000 nəfərdən çox məcburi köçkün ailəsinin evi təmir olunmuş, 80 nəfərdən çoxuna isə yeni ev tikilmişdir.
Quzanlıda xatırlanası, minnətdarlıqla söhbət açılası uğurlar kifayət qədər çoxdur. Əlbəttə, görülən işlərin, həyata keçirilən tikinti, abadlıq və quruculuq tədbirlərinin arxasında böyük zəhmət dayanır. Doğma diyarın gözəlliyi, abadlığı naminə çəkilən zəhmət, axıdılan alın təri isə könül təsəllisidi, qəlb rahatlığıdır. Müstəqil dövlətimizin əsas atributu olan üçrəngli bayrağımız indi qədim Sultanbud təpəsinin zirvəsində, elə bir ucalıqla dalğalanır ki, baxanın könlü istər-istəməz riqqətə gəlir. Bərdə tərəfdən Ağdam rayonu ərazisinə qədəm qoyarkən Bayraq meydanında qarşılaşdığın mənzərə sadə bir məntiqlə təsdiq edir ki, vətəni, torpağı ölçüsüz məhəbbətlə sevən ağdamlılar dövlətçiliyə də, bu dövlətin sükanı arxasında dayanan Prezident İlham Əliyevə də çox sadiqdirlər.
 

Keçidlər