Ağdamlılar işğal altında olan torpaqlarımızın azad edilməsi üçün silaha sarılmağa hər an hazırdı...!
Azərbaycanın dilbər guşələrindən olan Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib.
Rayon ictimaiyyəti, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna dualar oxuyublar.
Mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Milli Məclisin deputatı Elman Məmmədov və başqaları 1990-cı illərin əvvəllərinə baş verən hadisələridən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Bildirilib ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 76,4 faizini – bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan edib, dağıdıb və yandırıbdır.
Çıxışlarda ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılan uğurlardan da söz açılıb. Belə bir əminlik ifadə olunub ki, Azərbaycanın güclü, qüdrətli ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir və işğalçıları torpaqlarımızdan qovub çıxaracaqdır. Vurğulanıb ki, respublikamızın ərazi bütövlüyünün müdafiəsində fədakarlıq göstərmiş ağdamlılar işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar.
Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya ilə davam edib, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsinə ehsan verilib.