Ağdam rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib, çıxışlar olub. Geniş hesabat məruzəsi ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov çıxış edərək hesabat dövründə rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, Quzanlı qəsəbəsində Heydər Əliyev prospektinin Ağcabədi rayonu istiqamətində geniş tikinti-abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Qəsəbədə mini futbol meydançası, çay evi, avtovağzal, yanacaqdoldurma məntəqəsi, Təzəkənd qəsəbəsində poçt şöbəsinin binası, Əfətli kəndində Böyük Vətən müharibəsi iştirakçılarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksi tikilib istifadəyə verilib. Evoğlu kəndində tikilən 100 yerlik uşaq bağçasının inşası başa çatdırılıb. Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsi və 360 şagird yerlik liseyin, Xındırıstan kənd uşaq musiqi məktəbinin binalarının tikintisi, Çəmənli kənd uşaq bağçasının, Üçoğlan kənd xəstəxanasının təmiri davam etdirilir, İmamqulubəyli kəndində bulaq kompleksi və istirahət zonası salınır. Quzanlı qəsəbəsində sənaye məhəlləsinin yaradılması üçün torpaq sahəsi ayrılıb. Altı ayda rayon ərazisində 50 mindən çox müxtəlif növ ağac əkilib.
Məlumat verilib ki, birinci yarımildə rayon üzrə ümumi məhsul istehsalının həcmi 55,7 milyon manat olub. Bu dövrdə 6,4 milyon manatlıq sənaye, 38,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, hesabat dövründə 17 min 827 hektar taxıl sahəsindən 56 min 183 ton məhsul tədarük olunub, məhsuldarlıq 31,5 sentnerə çatıb. Bundan başqa, torpaq mülkiyyətçiləri tərəfindən 2534 hektar tərəvəz sahəsindən 11 min ton, 450 hektar kartof sahəsindən 7560 ton məhsul istehsal edilib.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb.