Ağdam rayonunda Azərbaycan polisinin 97 illiyi və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Polis işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Daha sonra bayram tədbir Quzanlı qəsəbə mədəniyyət evində davam etdirilib. Tədbirdə daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə təbrik məktubu oxunub.
Çıxış edənlər polis işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən danışıblar. Bildirilib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli bir yol keçib. Azərbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynayıb, vətəndaşların hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanıb. Polis əməkdaşları Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Ağdam rayon polis şöbəsinin əməkdaşlarından 37 nəfər şəhid olub, 112 nəfər yaralanıb, 4 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman və hədiyyələr, şəhid ailələrinə pul mükafatı verilib.
Tədbir konsert proqramı ilə davam edib.