18 sentyabrda Ağdamda “Milli Musiqi Günü” münasibətilə konsert proqramı təşkil edilib
18 sentyabr 2026-cı il tarixində Ağdam Musiqi Kollecində “Milli Musiqi Günü” münasibətilə konsert proqramı təşkil edilib. Konsert proqramında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Musiqi Kollecinin direktoru, Respublikanın əməkdar artisti Fehruz Səxavət, idarə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov milli musiqimizin zəngin irsindən, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən və musiqi sənətinə göstərilən dövlət qayğısından bəhs etmişdir. Daha sonra Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəylinin və Azərbaycanın digər klassik bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları konsert iştirakçılarına təqdim edilib.






