Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Oyunlarının məşəli ərazisinin 73 faizi işğal altında olan Ağdama çatdı

10 may 2015 | 10:00

Ölkəmizi bölgə-bölgə dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 10-da Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirildi.
Axşam saatlarında birinci Avropa Oyunlarının məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi oldu. İdmançı  Saleh Qurbanlı birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edib, Alov festivalının keçiriləcəyi məkana – Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına çatdılar. Əllərində gül-çiçək və bayraqlar olan, rayonun kənd və qəsəbələrindən gəlmiş 20 mindən çox ağdamlı “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini coşqu ilə qarşıladı.
Məşəl estafetini izləyən rayonun fəal gəncləri ilə söhbətdə onlar: “Nəhayət həyəcanla gözlədiyimiz gün gəlib çatdı. Ölkəmizi diyar-diyar dolaşan birinci Avropa Oyunlarının məşəli bu gün rayonumuzda da alovlandı. Biz ağdamlı gənclər böyük sevinc hissi keçiririk. Gördüyünüz kimi ağdamlılar, xüsusən də gənclər “Bakı-2015”in məşəl estafetinin və Alov festivalının şahidi olmaq üçün buraya axışıb. Bu tarixi günü bizlərə yaşadanlara təşəkkür edir, yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzulayıram”.
Sonuncu yürüşçü – futbolçu - idmançı Xəyyam Qurbanov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı 2015”in rəmzi kimi rayonda saxlanılacaq.
Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Qala parkında keçirilən festival ağdamlılarda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Səhnədə nümayiş etdirilən Alov şousu, incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı möhtəşəmliyi ilə yaddaşlarda qaldı.
Minlərlə ağdamlının iştirak etdiyi Məşəl festivalı atəşfəşanlıqla başa çatdı.

Keçidlər