Ağdam rayonu Quzanlı qəsəbə Mədəniyyət evində Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirildi
Ağdam rayonu Quzanlı qəsəbə Mədəniyyət evində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA–nın qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Yığıncaq iştirakçıları öncə görkəmli oftomoloq akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, haqqında çəkilmiş filmə baxmışlar.
Sonra Mərkəzi rayon xəstəxanasının baş həkimi Gülnar Abbasova görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, akademik Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. Zərifə Əliyevanın 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır. Böyük alimin adı əbədiləşdirilmiş, bu gün Bakıda Göz Xəstəlikləri İinstitutu, Naxçıvan şəhər poliklinkası, Bakının Binəqədi rayonunun ərazisində istirahət parkı, Bakı və Naxçıvanda küçə onun adını daşıyır. Azərbaycan xalqı onun xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.
Sonra məruzə ətrafında digər çıxış edənlər Zərifə xanım Əliyevanın tibb sahəsində, xüsusilə göz xəstəlikləri və müalicəsi ilə bağlı əldə etdiyi yeniliklərin bu gün də tibb elmində davamlı şəkildə istifadə edilməsi barədə iştirakçılara geniş məlumat vermişlər.
Tədbirin sonunda Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov çıxış etmiş və bildirmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92 illiyinə həsr edilmiş tədbir həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilir, xatirəsi sonsuz məhəbbətlə anılır. Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil edir.