Vergilər naziri Ağdamda vətəndaşları qəbul edib
Vergilər naziri Fazil Məmmədov aprelin 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razılıqlarını bildiriblər.