Ağdamlılar Novruzun gəlişini böyük ruh yüksəkliyi ilə qeyd ediblər
Xalqımızın qədim və ən sevimli bayramlarından olan Novruz cəbhə bölgəsində yerləşən Ağdam rayonunda böyük təntənə ilə qeyd olunub.
Rayonun bayramsayağı bəzədilmiş Quzanlı qəsəbəsində yerləşən Olimpiya Kompleksinin stadionunda gül-çiçək, bayram xonçaları və səmənilər düzülüb, məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, rayonun tarixini özündə əks etdirən eksponatları nümayiş etdirilib. 5 mindən artıq Ağdamlının, həmçinin N saylı hərbi hissənin əsgərlərinin iştirak etdikləri və xüsusi proqram nümayiş etdirdikləri bayram tədbirində tonqal yandırılıb, Dədə Qorqud və Bahar qızın, milli paltar geyinmiş atlıların meydana gəlişi, kəndirbazın, pəhlivanların, gənc idmançıların çıxışları maraqla qarşılanıb.
Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov Ağdamıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.
Rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə hədiyyələr və fəxri fərmanlar təqdim edilib.
Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, rayonun “Şur” ansablının, məktəblilərin və bədii özfəaliyyət kollektivlərinin təqdim etdikləri rəngarəng ədəbi-bədii musiqili proqramlar tamaşaçılara xoş ovqat bəxş edib.