Ötən il Ağdam rayonunda 156,8 milyon manatlıq məhsul istehsal olunub
2014-cü ildə Ağdam rayonu üzrə ümumi məhsul istehsalının həcmi 156,8 milyon manat olub. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon 158 min manat və ya 44,3 faiz çoxdur. Hesabat ilində 6 milyon 358 min manatlıq sənaye, 75 milyon 591 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 61 milyon 978 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.
Bu və digər uğurlardan cəbhə bölgəsində yerləşən Ağdam rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncağında bəhs olunub. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Aflatun Rufiyev, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov iştirak ediblər. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra Ağdam Dram Teatrının binasında keçirilən yığıncaqda 2014-cü ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə və video-slayda baxıblar. Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun görülən işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib. Bildirilib ki, 2014-cü il ağdamlılar üçün Prezident İlham Əliyevin avqustun 6-da Ağdama səfəri ilə əlamətdar olub. Dövlətimizin başçısı səfər çərçivəsində təmas xəttində yerləşən hərbi hissədə hərbiçilərlə görüşüb, rayon ərazisində 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib. Prezident İlham Əliyev səfərdən dərhal sonra Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisinə dair sərəncamlar imzalayıb.
Qeyd olunub ki, hesabat dövründə rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Quzanlı qəsəbəsində Heydər Əliyev prospektinin İmamqulubəyli kəndi istiqamətində geniş tikinti-abadlıq işləri aparılıb, Quzanli-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi başa çatıb. Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış evi, Birinci Baharlı, Hacıməmədli, Əfətli və Həsənxanlı kənd tam orta məktəbləri, Təzəkənd və Ballar kəndlərində tibb məntəqələri üçün yeni binalar istifadəyə verilib. İmamqulubəyli kənd tam orta məktəbi və Əfətli kəndində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksi əsaslı təmir olunub. Hazırda Evoğlu kəndində 100 yerlik uşaq bağçasının, Xındırıstan kənd uşaq musiqi məktəbinin, Quzanlı qəsəbəsində avtovağzalın, ərazi kənd təsərrüfatı idarəsi və 360 şagird yerlik lisey binalarının tikintisi davam etdirilir. Məlumat verilib ki, ötən il əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün tədbirlər də davam etdirilib. Əfətli, Evoğlu, Qaradağlı, Zəngişalı, Mahrızlı, Çəmənli, Sarıcalı, Təzəkənd kəndlərində və Ergi qəsəbəsində 11 subartezian quyusu qazılıb istifadəyə verilib. Yaxın vaxtlarda daha 13 subartezian quyusu qazılacaq.
Qeyd edilib ki, 2014-cü il rayonun idman həyatında da əlamətdar olub. Belə ki, rayonun “Qarabağ” futbol klubu Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün çempionu adını qazanıb. Bundan başqa, müxtəlif idman növləri üzrə respublika əhəmiyyətli birincilik və çempionatlarda, zona yarışlarında, beynəlxalq səviyyəli turnirlərdə 3 idmançı birinci yerə, 8 idmançı ikinci yerə, 38 idmançı üçüncü yerə layiq görülüb.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb.
Əminliklə bildirilib ki, ağdamlılar qarşıya qoyulan vəzifələri uğurla icra edəcək, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək respublikamızın, eləcə də rayonun sosial-iqtisadi inkişafının yüksəldilməsinə öz töhfələrini verəcəklər.
Yekunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub