Prezident İlham Əliyevin əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsinin təşkili ilə əlaqədar verdiyi tapşırıqlar Ağdam rayonunda uğurla icra olunur. Rayonda fevralın 2-dən bu günədək 15 minə yaxın vətəndaş tibbi müayinədən keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Bəhram Qurbanov AzərTAc-a müsahibəsində deyib ki, qrafikə əsasən tibbi müayinəyə ilk növbədə idarə və müəssisələrdə, təhsil ocaqlarında çalışanlar cəlb olunublar. Müayinələri terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir. Sakinlər daha çox ürək-damar, sinir və dayaq-hərəkət sistemindən əziyyət çəkdiklərini bildirirlər. Müayinə olunanlardan 307 nəfəri ambulator, 37 nəfəri stasionar müalicəyə cəlb edilib, 20 nəfər isə respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Tibbi aksiyaya ciddi hazırlaşdıqlarını deyən Mərkəzi Xəstəxananın baş həkiminin müavini Qara Qasımov isə qeyd edib ki, əhalinin müayinəsi kəndlərdə müxtəlif ixtisaslı həkimlərdən ibarət 4 briqada tərəfindən həyata keçirilir və ehtiyac yarandığı təqdirdə xəstələr rayon mərkəzi xəstəxanasında daha ətraflı müayinə və müalicəyə cəlb edilirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən bu xeyirxah aksiya əhali tərəfindən böyük razılıqla qarşılanır.