Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordu xalqın dayağıdır” mövzusunda silsilə tədbirlə keçirilir.
Hərbi birlik və hissələrin zabit heyətinin bir qrupu, döyüş hazırlığında və xidmətdə fərqlənən hərbi qulluqçular, Ağdam rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə əklil və tər çiçəklər qoyublar.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən foto, kitab və sənədlərlə tanış olub, Quzanlı qəsəbə, Sultanbud kənd və 18 nömrəli tam orta məktəblərdə şagirdlərlə görüşlər keçiriblər.
Fevralın 14-də Quzanlı qəsəbəsindəki Mədəniyyət evində keçirilən tədbirdə ön xətdə xidmət edən əsgər və zabitlər, döyüş hazırlığı və xidmətdə fərqlənən hərbi qulluqçular, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, müharibə veteranları və məktəblilər iştirak edib.
Tədbir Azərbaycanın dövlət himninin oxunması ilə başlanıb.
Sonra respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun dinamik inkişafından, dövlətimizin başçısının orduya göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Natiqlər işğal altında olan torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin qüdrəti, xalqla ordunun birliyi sayəsində tezliklə azad ediləcəyinə, respublikamızın ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildiriblər.
Cəbhə xəttində xidmət edən hərbi qulluqçular Azərbaycan Ordusunda xidmət etmələrindən qürur hissi duyduqlarını vurğulayıblar. Onlar işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmri ilə hər an zəfər yürüşünə qalxmağa hazır olduqlarını söyləyiblər.
Sonra xidmətdə fərqlənən hərbi qulluqçulara və nümunəvi şagirdlərə mükafatlar təqdim edilib.
Tədbir rayon mədəniyyət və turizm şöbəsinin vətənpərvərlik mövzusunda hazırladığı konsertproqramı ilə başa çatıb.