Qəbələ rayonunda məcburi köçkünlərlə görüş keçirilmişdir
Avqustun 4-də Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri Qəbələ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün həmyerliləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışlar. “Qafqaz Resorte” otelində keçirilən görüşdə Qəbələ və Ağdam rayonlarının rəhbər şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və ağdamlı məcburi köçkünlər iştirak etmişlər. Tədbirdə Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlərə göstərilən qayğıdan, onların problemlərinin həlli istiqamətində görülən işlərdən danışılmışdır. Bildirilmişdir ki, hazırda Qəbələ rayonunda Ağdamdan olan 121 ailə, o cümlədən 438 məcburi köçkün məskunlaşmışdır. Ümumilikdə, rayonda Ermənistanın işğalı altında olan ərazilərimizdən 2092 nəfər məcburi köçkün məskunlaşmışdır.
Məlumat verilmişdir ki, hazırda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq Dövlət Proqramına uyğun olaraq Qəbələ şəhərinə bitişik Zarağan kəndində yaşayış binaları inşa edilir. İnşası ötən il başa çatdırılmış 3 ədəd beşmərtəbəli yaşayış binasında 192 məcburi köçkün ailəsi yerləşdirilmişdir. Hazırda isə 155 ailə üçün 2 ədəd beşmərtəbəli yaşayış binasının inşası davam etdirilir.
Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi Qəbələdə məskunlaşmış məcburi köçkünlərin müraciətlərini dinləmiş, problemləri ilə maraqlanmışdır. Qaldırılmış məsələlərin qısa zamanda həlli üçün əlaqədar orqanların təmsilçilərinə tapşırıqlar verilmişdir.
Məcburi köçkünlər onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda Ağdamın “Şur” ansamblının ifasında konsert proqramı təqdim olunmuşdur.