Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun Quzanlı qəsəbəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

26 dekabr 2014 | 11:00

Heydər Əliyev adına parkda keçirilən ümumrayon tədbirində kitab və rəsm sərgiləri, Ağdam Tarix- Diyarşünaslıq Muzeyinin eksponatları, həmçinin Qarabağ mətbəxinin nümunələri nümayiş olunub.

Çıxış edənlər qarşıdan gələn əlamətdar günlər münasibətilə ağdamlıları təbrik edib, növbəti bayramların hazırda işğal altında olan torpaqlarımızda keçirilməsini arzulayıblar.

Tədbirdə yola saldığımız 2014-cü ildə əldə olunan uğurlardan bəhs edilib. Bildirilib ki, ötən il Prezident İlham Əliyev rayona səfər edərək 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib. Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində geniş abadlıq işləri aparılıb, Quzanli-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolu yenidən qurulub. Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli bina, Birinci Baharlı, Əfətli, Hacıməmmədli və Həsənxanlı kənd tam orta məktəbləri üçün yeni binalar istifadəyə verilib, İmamqulubəyli kənd tam orta məktəbi əsaslı təmir edilib. Hazırda Quzanlı qəsəbəsində avtovağzalın və 360 şagird yerlik liseyin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının, Xındırıstan kənd uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.

Tədbirdə 2014-cü ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında, təhsil və idmanda fərqlənənlərə fəxri fərman və hədiyyələr verilib.

Rayonun musiqi kollektivləri, Şaxta baba və Qar qız iştirakçılara xoş ovqat bəxş ediblər.

Bayram tədbiri ədəbi-bədii proqram, idmançıların nümunəvi çıxışları, rəqslər və rəngarəng musiqi nömrələri ilə davam etdirilib.

Tədbirdə uşaqlara bayram hədiyyələri verilib.

Keçidlər