Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin anadan olmasının 150 illiyi qeyd edilib

15 dekabr 2014 | 11:00

Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Ağdam Dövlət Dram Teatrında keçirilən tədbirdə mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley tədbirində çıxış edənlər Qarabağ muğam məktəbindən, bu məktəbin yetirdiyi musiqiçilərdən, klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı Keçəçioğlu Məhəmmədin musiqi sahəsindəki fəaliyyətindən, Heydər Əliyev Fondunun Azərbaycan muğam sənətinin inkişafında və dünyada tanıdılmasında xidmətlərindən söz açıblar.
Bildirilib ki, 1864-cü ildə Azərbaycanın musiqi beşiyi sayılan Şuşada anadan olan Keçəçioğlu Məhəmməd gənc yaşlarında Xarrat Qulu, Məşədi İsi kimi tanınmış xanəndələrdən xalq musiqisini mükəmməl surətdə öyrənib. Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Geniş diapazonlu, güclü və zil səsə malik xanəndə xüsusilə zərbi muğamların mahir ifaçısı və təbliğatçısı kimi tanınıb.
Keçəçioğlu Məhəmmədin ifasında bir sıra muğam, təsnif və xalq mahnıları Varşavada "Sport-rekord", Kiyevdə "Ekstrafon" firmaları tərəfindən qrammofon valına yazılıb.
1926-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunan muğam ustasının gənc xanəndələrin yetişməsində, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olub. Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqinin qədim tarixi köklərə malik zəngin ənənələrini layiqincə yaşadaraq, Azərbaycanın çoxəsrlik mədəniyyəti xəzinəsinə qiymətli töhfələr verib.
Çıxışlarda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Keçəçioğlu Məhəmmədin anadan olmasının 150 illiyinin ölkəmizdə geniş qeyd edilməsi xanəndənin yaradıcılığına verilən ən böyük qiymət kimi dəyərləndirilib.
Tədbirdə görkəmli xanəndə Keçəçioğlu Məhəmmədin səs yazıları səsləndirilib, “Şur” ansamblının ifasında təqdim olunan muğam, təsnif və xalq mahnıları tamaşaçıların zövqünü oxşayıb.

Keçidlər