Bayrağımıza ehtiram göstərmək hər bir azərbaycanlının müqəddəs borcudur
Ölkəmizin hər yerində olduğu kimi, Ağdam rayonunda da Dövlət Bayrağı günü təntənəli şəkildə qeyd olunub. Quzanlı qəsəbəsindəki Ağdam Musiqi kollecində keçirilən ümumrayon tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən rayon Icra Hakimiyyətinin Başçısı Raqub Məmmədov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, üçrəngli bayrağımızın yaranma tarixindən danışıb. Bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunan bayrağımız Sovet hakimiyyəti dövründə dəyişdirilsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən dalğalanmağa başlayıb. Digər çıxışlarda dövlət müstəqilliyimizin və bayrağımızın yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin rolundan bəhs edilib, dahi rəhbərin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir. Dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanması, ölkəmizin bütün bölgələrində bayraq meydanlarının inşa edilməsi xalqımızın dövlət bayrağına olan sevgi və hörmətinin təcəssümüdür. Tədbirdə məktəblilər Azərbaycan bayrağına həsr olunan şeirlər səsləndirib, musiqi kollecinin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.