Mədəniyyət və turizm naziri cəbhə bölgəsi olan Ağdam rayonunda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.
xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 31-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında Yevlax şəhərindən, Ağdam, Goranboy, Xocalı, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Əbülfəs Qarayev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini və “Şəhidlər” abidə kompleksini ziyarət edərək, önünə gül dəstəsi qoyub, Ağdam Dövlət Dram Teatrının həyətində rayonun sosial-iqtisadi inkişafı, mədəniyyət və turizm şöbəsinin nailiyyətləri, tarixi abidələri və mədəniyyət nümunələri əks olunan stendlərə baxıblar.
Ə.Qarayev Ağdam rayonu Xındırıstan kənd musiqi məktəbi üçün nazirlik tərəfindən yeni binanın inşası ilə bağlı görülən işlərlədə tanış olub, həmçinin Respublika Atçılıq Turizm Mərkəzinin Ağdam filialına baş çəkib.
Ağdam Dövlət Dram Teatrında qəbula yazılan 30-dan çox vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndiriblər. Müraciətlər əsəsən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı işğal olunmuş rayonların muzey eksponatlarının Bakıda səyyar sərgisinin təşkili, Xocalı faciəsi ilə bağlı məlumatların daha geniş coğrafiyada yayılması, tanınmış incəsənət xadimlərinin cəbhə bölgələrinə ezam olunması, Ağdamın məşhur “Şur” ansamblının xarici ölkələrə qastrol səfərinin təşkilinə kömək göstərilməsi, yerlərdəki musiqi məktəblərində saz, balaban və digər milli musiqi alətləri şöbələrinin yaradılması ilə bağlı olub.
Müraciətlərin bir qismində cəbhəyanı bölgələrdə ayrı-ayrı sahələr üzrə ixtisaslı kadrlara, o cümlədən xoreoqrafiya, rəqs, xor, informasiya-kommunikasiya texnologiyaları müəllimlərinə ehtiyac olduğu bildirilib. Nazirliyin xətti ilə yerlərdə mədəniyyət müəssisələri işçiləri üçün mərkəzləşdirilmiş kompyuter kurslarının, muzey əməkdaşları üçün təcrübə mübadiləsi məqsədilə ezamiyyətlərin təşkili, Azərbaycan Milli Kitabxanasının mütəxəssislərinin bölgələrə ezam olunması ilə bağlı xahişlər səsləndirilib.
Qəbula gələn vətəndaşlar onlara yaradılan şəraitə, səmimi münasibətə, bölgələrdə qəbulların silsilə xarakter almasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, artıq ənənə halını alan bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkan yaradır.
Bütün xahiş və təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini bildirən nazir deyib ki, burada qaldırılan bəzi məsələlər nazirlik olaraq bizi də narahat edir. Vətəndaşların mədəniyyət və incəsənət xadimlərinin cəbhəyanı rayonlara ezam edilməsi, rəssamların əsərlərindən ibarət sərgilərin təşkili, bölgədə turizmin inkişafı, kitabxana işi və kadr çatışmazlığının aradan qaldırılması kimi təklif və təşəbbüslərlə bağlı müvafiq tədbirlər görüləcəkdir.
Qəbuldan sonra Əbülfəs Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirilib.