Ağdamda kompleks mülki müdafiə tilimi keçirilib
Mülki müdafiə qoşunlarının mülki müdafiə idarəsi tərəfindən Ağdam rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının və mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyət və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanması olub.
Təlimə Ağdam Rayon İcra Hakimiyəti, rayon fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri cəlb edilib. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamları təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqlar yerinə yetiriblər.
Təlimdə əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilib.
Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 129 nəfər şəxsi heyəti və 22 ədəd texnika iştirak edib.