Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun sosial-iqtisadi inkişaf dinamikası birinci yarım ildə

21 iyul 2014 | 10:00

Ağdamda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Yığıncaqda birinci yarım ildə rayonun sosial-iqtisadi inkişaf dinamikasının davam etdirildiyi, ümumi məhsul buraxılışının həcminin ötən illə müqayisədə 14,5 faiz artaraq 52,1 milyon manat olduğu bildirilib. Bu dövrdə sənaye məhsulunun həcmi 3,3 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 27,1 milyon manat olub. Əsas kapitala 17,2 milyon manat vəsait yönəldilib.
Yığıncaqda daha sonra bildirilib ki, hesabat dövründə rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Birinci Baharlı kəndində 160 şagird yerlik orta məktəb binası, Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli altımərtəbəli yaşayış binası, telekommunikasiya qovşağının inzibati binası istifadəyə verilib. Hazırda məcburi köçkünlər üçün İmamqulubəyli qəsəbəsinin yaxınlığında tikilən 632 ailəlik qəsəbədə son tamamlanma işləri aparılır. Əfətli kəndində 360, Hacıməmmədli və Həsənxanlı kəndlərində 120 şagird yerlik orta ümumtəhsil, Xındırıstan kəndində uşaq musiqi məktəbinin, Evoğlu kəndində 100 yerlik uşaq bağçasının, Quzanlı qəsəbəsində 360 şagird yerlik məktəb-liseyin, avtovağzalın tikintisi davam etdirilir. Heydər Əliyev prospektinin İmamqulubəyli kəndindən Quzanlı qəsəbəsinədək olan hissəsində abadlıq işləri aparılır, müasir üslubda xiyaban salınır.
Yığıncaqda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin, idmanın, aqrar sahənin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib.

Keçidlər