Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisi çətin və şərəfli yol keçmişdir

03 iyul 2014 | 10:00

2 iyul Azərbaycan polisinin yaranmasının 96 illiyi və polis işçilərinin peşə bayramı münasibətilə Ağdam rayonunda tədbir keçirilmişdir.
Rayonun polis işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edənlər polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən danışmışlar. Bildirilmişdir ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçmişdir.
Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərmişdir. Dahi rəhbərin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranmış, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənmişdir. Ulu Öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı bu qayğının parlaq təzahürüdür.
Qeyd olunmuşdur ki, Azərbaycan polisi ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsində də daim ön cərgələrdə olmuşdur. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarından 37 nəfəri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş, 4 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Vurğulanmışdır ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyevin amallarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Tədbirdə daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə təbrik məktubu oxunmuş, rütbələrində yüksələn polis əməkdaşlarına yeni rütbələr, xidmətdə fərqlənmiş bir qrup polis əməkdaşına hədiyyələr, iki nəfər polis işçisinə həyətyanı torpaq sahəsi verilmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.

 

Keçidlər