28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü xalqımızın tarixinə parlaq səhifə kimi əbədi yazılmışdır
Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında 28 May - Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərində ictimai-siyasi vəziyyətdən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən, dövlətçilik tariximizdə rolundan danışmışlar. Bildirilmişdir ki, 28 May günü xalqımızın tarixinə parlaq səhifə kimi əbədi yazılmışdır.
İkinci dəfə müstəqilliyini əldə edən dövlətimizin möhkəmlənməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edən natiqlər, Ulu Öndərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər. Qeyd olunmuşdur ki, ölkə başçısının düşünülmüş daxili və xarici siyasəti müstəqilliyimizin möhkəmləndirilməsinə, tərəqqi, demokratiya yolunda addımlayaraq xalqımızı daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmişdir.
Tədbir rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etmişdir.