Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanları Asif Məhərrəmov və Allahverdi Bağırova həsr edilmiş sənədli filmlərin təqdimatı olmuşdur

25 iyun 2014 | 10:00

Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanları Asif Məhərrəmov və Allahverdi Bağırova həsr edilmiş “Haqqa söykənən həyat” və “Qartal qamətli qəhrəman” sənədli filmlərinin təqdimatı olmuşdur.
Təqdimat mərasimində rayonun rəhbər işçiləri və ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanların ailə üzvləri iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan sənədli filmlər “Yaddaş” studiyasında lentə alınmışdır.
Hər iki filmin rejissoru Zamin Məmmədovdur.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raquf Məmmədov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışmışdır. Bildirilmişdir ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas ağırlıqları Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhid vermiş, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Məlumat verilmişdir ki, Məhərrəmov Asif Yusif oğlu 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olmuşdur. A.Məhərrəmov Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayan andan torpaqlarımızın müdafiəsinə qalxmış, Ağdam könüllü özünümüdafiə taboru yaratmışdır. 1992-ci ildə onun rəhbərliyi ilə Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik kəndləri düşməndən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 dekabr tarixli Fərmanı ilə Məhərrəmov Asif Yusif oğlu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Səhhəti ağırlaşan A.Məhərrəmov müalicə üçün Yalta şəhərinə getmiş və 1994-cü il iyulun 1-də orada vəfat etmişdir. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə qəhrəman döyüşçünün cənazəsi Vətənə gətirilərək Bakı şəhərindəki İkinci Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakı şəhərində küçələrin birinə Asif Məhərrəmovun adı verilmişdir.
Bağırov Allahverdi Teymur oğlu 1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olmuşdur. 1965-ci ildə Ağdam şəhərindəki 1 nömrəli orta məktəbi bitirən A.Bağırov idmanla məşğul olmuş, Qarabağ futbol klubunda məşqçi kimi fəaliyyət göstərmişdir.
A.Bağırov 1990-cı ildə Ağdamda könüllülərdən ibarət batalyon yaradaraq, Qarabağdakı azərbaycanlı kəndlərinin müdafiəsində iştirak edir. Onun rəhbərlik etdiyi taborun Xocalı faciəsi zamanı yüzlərlə soydaşımızın xilas edilməsində, həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və əsirlərin azad edilməsində böyük xidməti olmuşdur.
1992-ci il iyunun 12-də A.Bağırovun rəhbərliyi ilə Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilmişdir. Vətənimizin cəsur övladı gözətçi məntəqəsini yoxlayıb geri dönən zaman xidməti avtomobilində minaya düşərək həlak olmuşdur. Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 24 fevral tarixli Fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Tədbir iştirakçıları sonra Milli Qəhrəmanlara həsr edilmiş filmlərə tamaşa etmişlər.
Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov tədbir iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.
 

Keçidlər